Canlılardakı ibrətlər

Peşəkar ovçular

Hud surəsinin 6-cı ayəsi ilə Allah, bütün canlıların "ruzi"lərini, yəni yaşamalarını təmin edən qidaların hamısını Özünün yaratdığını bildirir

 

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)

 

İnsan, ağıl və vicdan gözüylə ətrafına baxdığında, Allahın bütün canlılara necə "ruzi verdiyini" asanlıqla görə bilər. Yeyib-içdiklərimizin hamısı "yaradılmış" maddələrdir. İçilən su, yeyilən çörək, tərəvəz və mevyələr, hamısı xüsusi yaradılışın nəticəsidir.
Bir meyvəni, misal olaraq, bir portağalı düşünsək... Bu meyvə, əslində taxta kütləsindən başqa bir şey olmayan bir ağacın budağında meydana gəlmişdir. Ağac, torpaqdan su və mineral alacaq, bunu günəşdən aldığı enerjiylə birləşdirəcək. Nəticədə ortaya, yalnız insanın istifadə edəcəyi, insan bədəni üçün son dərəcə faydalı, son dərəcə ləzzətli və gözəl qoxulu bir məhsul çıxacaq. Həm də çox estetik və sağlam qablaşdırmada.
Ağac, belə bir məhsul necə ortaya çıxarır? Bu məhsul niyə insan bədəni üçün son dərəcə faydalıdır? Niyə bütün meyvələr tam olaraq yetişdikləri mövsümlərə görə lazımlı vitaminləri ehtiva edirlər? Niyə son dərəcə ləzzətlidir, acı da ola bilməzdimi? Niyə gözəl qoxuludur, olduqca pis iy verə bilməzdimi?
Şübhəsiz, ağac ancaq taxta kütləsidir və "öz-özünə" bir meyvə istehsal etməsi, üstəlik bunu insan üçün lazımlı xüsusiyyətlərlə təchiz etməsi mümkün deyil.
Eynilə insan kimi digər bütün canlılara da Allah ruzi verər. Sonrakı sətirlərdə bəzi canlıların ruzilərinə çatmaq üçün istifadə etdikləri təəccüblü və heyrətləndirici ovlama sistemlərini araşdıracağıq.
Canlıların qidalarına çata bilmək üçün sahib olduqları sistemləri ağıl, məntiq və vicdan ölçüləri içində qiymətləndirən bir insan üçün Allahın güc və qüdrətini anlamaq son dərəcə asandır. Bu hissədə yer verdiyimiz hər bir heyvan Allahın yer üzündə yaydığı böyük dəlillərdəndir. Məsələn, yandakı şəkildə gördüyünüz balığın "ovlama texnikası" heyrətləndiricidir. Bu balıq nə ovunu qovar, nə də qayalar ardına gizlənib ovunun üzərinə atılmağı gözləyər. Balığın ilk baxışda digərlərindən fərqi yoxdur. Amma üzgəcini qaldırar-qaldırmaz birdən-birə kürəyində "saxta balıq" meydana çıxar. Digər balıqlar üzgəcin sahibini fərq etməyib, kiçik saxta balığı ovlamaq üçün yaxınlaşdıqlarında isə ovçu balığa olduqca asan bir yem olarlar...
Görəsən, bu balıq üzgəcinə balıq görünüşünü özü vermişdir? Yoxsa təsadüflər təsadüflərə əlavə olunub balığa təsadüfən belə bir xüsusiyyət qatmışlar? Əlbəttə, belə şüurlu hərəkətin və planın bir balıq tərəfindən edilə bildiyini iddia etmək mümkün deyil. Şübhəsiz, canlıların sahib olduğu bütün xüsusiyyətlər qarşımıza tək həqiqəti qoyur: Təbiətdə mövcud olan üstün ağılın və dizaynın tək sahibi, Rəbbimiz olan Allahdır.

 

SIÇRAYAN HÖRÜMÇƏK

Bilindiyi kimi, hörümçəklər ovlamaq üçün tor hörər və buna ilişəcək heyvanı gözləyərlər. Buna qarşı olaraq, sıçrayan hörümçək, digərlərinin əksinə, ovuna özü getməyi üstün tutar. Ovuna çatmaq üçün çox ustalıqla sıçrayış edər. Yarım metr kənarından keçən bir milçəyi, sıçrayaraq havada tuta bilər.
Hörümçək, çaşdırıcı sıçrayışını, hidrolik təzyiq qanunlarına əsaslanan 8 ayağı ilə edər və hücum sahəsindəki ovunun üzərinə bir anda çökərək güclü məngənələrini ovuna keçirər. Bu atlayış çox vaxt bitkilər arasındakı mürəkkəb mühitlərdə reallaşar. Heyvan, müvəffəqiyyətli bir atlayış üçün ən uyğun bucağı hesablamaq, tutmaq istədiyi ovunun sürət və istiqamətini də nəzərə almaq məcburiyyətindədir.
Daha da maraqlı olan, ovunu tutduqdan sonra ölməkdən necə xilas olduğudur. Hörümçək ölə bilər, çünki ovunu tutmaq üçün atlarkən təbii olaraq özünü də boşluğa atır və olduğu yüksək məsafədən (əksərən bir ağacın təpəsindədir) yerə çırpıla bilər.
Amma, hörümçək belə bir sonla qarşılaşmaz. Çünki sıçramadan dərhal əvvəl ifraz etdiyi və olduğu budağa yapışdırdığı iplik, onu yerə düşməkdən qurtarar, havada asılı qalar. Bu iplik həm özünü, həm də tutduğu ovunu daşıyacaq qədər möhkəmdir.
Bu hörümçəyin digər bir maraqlı xüsusiyyəti qurbanına yeritdiyi zəhərin, tutduğu heyvanın toxumalarını maye halına gətirməsidir. Çünki hörümçəyin qidası, ovunun mayeləşmiş toxumalarından başqa bir şey deyil.
Şübhəsiz, heyvanın sahib olduğu bu xüsusiyyətlər, təsadüflərin ona hədiyyəsi deyildir. Çünki həm sıçrama, həm də özünü düşməkdən qoruyacaq tor hazırlama qabiliyyətini eyni anda qazanmış olması lazımdır; əgər sıçraya bilməsəydi, ac qalar və ölərdi, tor hazırlaya bilməsə və ya toru kifayət qədər möhkəm olmasa bu dəfə də yerə çırpılardı. Heyvanın həm sıçramağa uyğun bir bədən quruluşu olmalı, həm də özünü və ovunu daşıya biləcək gücdə kəndir ifraz edə biləcəyi sistemi olmalıdır.
Qaldı ki, hörümçək yalnız iplik çıxaran və sıçrayan bir mexanizm deyil, bütöv bir canlıdır və bütün xüsusiyyətləriylə eyni anda var olmaq məcburiyyətindədir. Biri sonraya qala bilməz. Məsələn, həzm sistemi tamamlanmamış bir hörümçək düşünə bilərsinizmi?...

 

QARIŞQALARIN KAMUFLYAJ TEXNİKASI

Üstdəki şəkildə nə gördüyünüz soruşulsa, təbii olaraq, "yarpağın altında və üstündə bir neçə qarışqa var" deyərsiniz.
Halbuki, şəkildəkilərdən yarpağın altında olan, canlı qarışqaları ovlaya bilmək üçün pusquda gözləyən sıçrayan hörümçəkdir. Sıçrayan hörümçəyin bu növü, qarışqalara o qədər bənzər ki, qarışqalar belə onu özlərindən biri sanarlar.
Qarışqayla hörümçəyi ayırd edən tək xüsusiyyət ayaqlarının sayıdır. Hörümçək 8 ayaqlı, qarışqa isə 6 ayaqlıdır.
Sıçrayan hörümçək, asan şəkildə tanınmasını təmin edəcək bu "fərqi" aradan qaldırmaq üçün, öndəki iki ayağını daha da önə uzadar və havaya qaldırar. Bunun sayəsində, bu iki ayağı eynilə qarışqaların antenalarına bənzəyər.
Amma kamuflyaj bundan ibarət deyil. Heyvanın, bir də özünü qarışqa kimi göstərəcək bir göz motivinə ehtiyacı vardır. Çünki öz gözləri, qarışqanınkı kimi böyük və qara nöqtə şəklində deyil. Amma, yaradılışındakı bir xüsusiyyət, bu problemi həll edər. Başının iki yanında iki böyük qara xal vardır. Bu iki xal, eyni qarışqa gözlərinə bənzər. (Üstdəki şəkildə yarpağın altında dayanan hörümçəyin başının yanındakı xallara diqqət yetirin.)

 

ZINQIROVLU İLAN

Bu ilan növünün başının ön qismindəki üz çuxurlarında olan istilik qəbulediciləri, ətrafındakı ovun bədən istiliyinin səbəb olduğu infraqırmızı şüasını təyin edər. Bu təyin etmə, mühit istiliyindəki 1/300-lik bir dərəcə artımını təsbit edə biləcək qədər həssasdır. İlan, iybilmə orqanı olan çəngəl dilinin köməyiylə, zülmət qaranlıqda yarım metr uzaqlıqda yerə çöməlmiş hərəkətsiz bir sincabın dayandığını anlaya bilər. Ovunun yerini səhv olmadan təsbit edən ilan əvvəl onu səssizcə sancar, hücum məsafəsinə girər, ardından boynunu yay kimi gərər və ovunun üzərinə böyük bir sürətlə atılar. Bu sırada, artıq 180 dərəcə açıla bilən güclü çənəsindəki dişlərini ovuna keçirmişdir.
Bütün bunlar, bir avtomobilin yarım saniyə içində sıfırdan 90 km/saat sürətə çatması ilə bərabər sürətdə olub bitər. İlanın, ovunu təsirsiz hala gətirmək üçün istifadə etdiyi ən böyük silahı olan “zəhər diş”lərinin uzunluğu 4 sm qədərdir. Bu dişlərin içi oyuqdur və zəhər vəzilərinə bağlıdır. Vəzi əzələləri, ilan dişlədiyi anda büzülər və zəhəri əvvəl diş kanalına, oradan da ovun dəri altına təzyiqlə püskürdər. İlan zəhəri, ya ovun mərkəzi sinir sistemini iflicə uğradar ya da qanını laxtalandıraraq ölümünə səbəb olar. Bəzi ilanların 0.028 qramlıq zəhəri, 125.000 siçanı öldürəcək qədər güclüdür. Zəhər, ovun ilana bir zərər verməsinə maneə törədəcək qədər tez təsir edər. Artıq ilanın edəcəyi iş, iflicə uğramış ovunu son dərəcə elastik olan ağızıyla udmaqdır.
İlanın zəhərli olması hər kəs tərəfindən bilinən mövzu olduğundan, heç kim bunun necə ola bildiyi üzərində düşünməz. Halbuki, bir heyvanın başqa bir heyvanı zəhərləyərək öldürmə kimi bir "texnologiya"ya sahib olması, həqiqətən də təəccüblü və fövqəladədir.
Allahın varlığını inkar etməkdə israr edənlər, əlbəttə ki, ilanın necə belə fövqəladə bir qabiliyyətə sahib olduğunu açıqlaya bilməzlər. Çünki ilanın ağzında yer alan zəhər sistemi, son dərəcə mürəkkəb və hesablı bir sistemdir. Bu sistemin işləməsi üçün heyvanın içləri oyuq xüsusi "zəhər dişləri"nin olması, bu dişlərə bağlı zəhər vəzilərinin olması, bu vəzilərin içində düşmənlərini anında iflic edəcək qədər güclü bir zəhərin meydana gəlməsi və heyvan ovunu sancdığı anda bu sistemi işlədəcək bir refleksin olması lazımdır. Bu çox parçalı sistemin tək bir parçası olmasa, sistem işləməz. Bu da ilanın ovlamaq üçün seçdiyi heyvanlara yem olmasıyla nəticələnəcək. Heyvanın istilik dəyişikliklərini və qoxuları qəbul etmədəki fövqəladə qabiliyyətləri də qarşı-qarşıya olduğumuz dizaynın nə cür təfərrüatlı olduğunu göstərər.
Ortada vərdiş olmayan və ancaq "möcüzə" terminiylə ifadə edilə biləcək fövqəladə bir hadisə vardır. Təbiətin isə, "fövqəltəbii" olan möcüzəni yaratması mümkün ola bilməz. Təbiət, ətrafımızda gördüyümüz nizamın hamısına qoyulmuş bir addır. Bu nizamı quran da əlbəttə, bu nizamın özü deyil. Təbiət qanunları Allahın qoyduğu və yaratdıqları arasındakı əlaqələri təşkil edən qanunlardır. Anlayışları doğru təyin etmək həqiqətləri ortaya çıxarar. Anlayışları qarışdırmaq isə inkar edənlərin bir xüsusiyyətidir. Bunu da həqiqətləri ört-basdır etmək, dəyişdirmək məqsədiylə edərlər.

 

FƏRQLİ BİR OVÇU: MİLÇƏKQAPAN BİTKİSİ

Bitkilər arasında ovlayanlar, ət ilə qidalananlar vardır. Bir-birindən təəccüblü üsullarla ovlayan bitkilərdən biri isə milçəkqapan bitkisidir.
"Milçəkqapan", üzərində gəzən böcəkləri tutar və bunlarla qidalanar. Bu bitkinin ovlama sistemi son dərəcə mürəkkəbdir. Müxtəlif bitkilər ətrafında gəzişərək özünə yemək axtaran milçək, birdən-birə olduqca cazibədar bir bitki ilə, yəni milçəkqapan ilə qarşılaşar. Bir çanağı əyilmiş əllərə bənzəyən bu bitkini cazibədar edən şey, yarpaqlarının diqqət çəkici qırmızı rəngi və daha da əhəmiyyətlisi, bu yarpaqların ətrafındakı vəzilərdən ifraz olunan şəkər qoxulu məhluldur. Qoxunun dözülməz cazibəsinə görə milçək çox tərəddüd etmədən bu maraqlı bitkinin üzərinə qonar. Yemək qaynağına doğru irəliləyərkən bitki üzərindəki zərərsiz görünən tüklərə də istər-istəməz toxunar. Məhz bunun üzərində bitki qəflətən bağlanar. Milçək, qəflətən üzərinə sıx bağlanan bir cüt yarpağın arasında sıxışıb qalar. Milçəkqapan bitkisi bir az sonra " ət əridici" mayesini ifraz etməyə başlayacaq və qısa bir müddət içində milçəyi bir növ jeleyə çevirəcək, sonra da soraraq bitirəcəkdir.
Bitkinin milçəyi tutmaqdakı sürəti son dərəcə təsirlidir. Bitkinin bağlanma sürəti, insan əlinin maksimum bağlanma sürətindən daha çoxdur (əliniz açıqkən ortasına qonan milçəyi tutmağı sınasanız, böyük ehtimalla bacara bilməzsiniz, amma bitki bu işi bacarır). Bəs, əzələləri, sümükləri olmayan bir bitki necə belə ani bir hərəkət edə bilir?
Tədqiqatlar milçəkqapan bitkisinin içində elektrik sistemi olduğunu ortaya qoymuşdur. Sistem belə işləyər: Bitkinin tükcüklərində milçəyin dəyməsiylə yaranan mexaniki təsir, tükcüklərin altındakı qəbuledicilərə çatdırılar. Əgər mexaniki itələmə kifayət qədər güclüdürsə, qəbuledicilərdən eynilə hovuzdakı dalğalar kimi bütün yarpaq boyunca elektrik siqnalları göndəriləcək. Siqnallar yarpaqları ani şəkildə hərəkət etdirən mühərrik hüceyrələrə çatar və milçəyi udacaq mexanizm hərəkətə keçər.
Bitkinin xəbərdarlıq sistemi ilə yanaşı, yarpaqlarının bağlanmasını təmin edən mexaniki sistem də son dərəcə mükəmməl yaradılışdır. Bitki içindəki hüceyrələr elektrik xəbərdarlığını alan kimi bünyələrindəki su tarazlıqlarını dəyişdirərlər. Yarpaqların meydana gətirdiyi tələnin iç tərəfindəki hüceyrələr bünyələrindəki suyu buraxıb çökərlər. Bu hadisə havası boşaldılmış şarın balacalaşmasına bənzəyər. Tələnin xaricindəki hüceyrələr isə həddindən artıq su alaraq şişər. Beləcə, insanın qolunu hərəkət etdirməsi üçün bir əzələnin boşalarkən o birinin sıxılmasına bənzər şəkildə, tələ bağlanar. İçəridə həbs olunan milçək isə hər çırpınmasında tüklərə təkrarən dəyərək, elektrik təkanının təkrar meydana gəlməsinə və buna görə də yarpağın daha möhkəm bağlanmasına səbəb olur.
Bu zaman, tələnin səthindəki həzm vəziləri də xəbərdar edilir. Xəbərdarlıq nəticəsində vəzilər milçəyi yavaş şəkildə əridəcək mayeni ifraz etməyə başlayarlar. Beləcə bitki, zülal baxımından xeyli zəngin şorba vəziyyətinə gələn milçəyin jelesini istifadə edərək qidalanar. Həzmin sonunda isə, tələnin bağlanmasını təmin edən mexanizm tərsinə işləyərək tələnin açılmasını təmin edər.
Ayrıca, sistemin maraqlı bir xüsusiyyəti də vardır: Tələnin hərəkətə keçməsi üçün tüklərə üst-üstə iki dəfə toxunulması şərtdir. İlk toxunma elektrik potensialını meydana gətirir, lakin tələ bağlanmır. Tələ ancaq ikinci dəfə toxunmaqla elektrik potensialının müəyyən bir boşalma səviyyəsinə çatması nəticəsində bağlanır. Milçək tələsi bu cüt hərəkətli mexanizm sayəsində lazımsız yerə bağlanmaz. Məsələn, bitkinin içinə bir yağış damlasının düşməsi vəziyyətində tələ hərəkətə keçməz.
İndi bu heyrət verici ovlama sistemi üzərində düşünək. Bitkinin ovunu tuta bilməsi və həzm edə bilməsi üçün bütün sistemin var olması lazımdır. Bir parçanın əskikliyi belə bitki üçün ölüm deməkdir. Məsələn; yarpaq içindəki tüklər olmasa böcək içəridə gəzməsinə baxmayaraq, reaksiya heç bir zaman başlaya bilməyəcəyindən bitki bağlana bilməyəcək. Və ya bağlanma sistemi olsa, ancaq böcəyi həzm edəcək ifrazat olmasa, bütün sistem boşa gedəcək. Bitki milçəkləri cəzb edəcək qoxu ifraz etməsə, bu dəfə tələ özünə ov tapa bilməyəcək.
Bir siçan tələsi gördüyünüzdə, bunun bir dizayn nümunəsi olduğunu bilərsiniz. Çünki həssas mexanizmin hər parçası, siçanı tutmaq üçün xüsusi olaraq nizamlanmışdır. Ağcaqanad tutan bu bitki isə, siçan tələsindən çox daha mürəkkəb və incə dizayndır.

Ortada elə böyük bir dizayn və qüsursuz bir planlaşdırma vardır ki, bunun sahibinin həm milçəkqapan bitkisini, həm də bütün təbiəti yaratmış olan Allah olduğu açıq-aşkar həqiqətdir.

 

Müdafiə etmə texnikaları

Aşağıdakı şəkildə görünən heyvan ilan deyil, sadəcə kiçik bir tırtıldır. Bu heyvan ilana bənzərliyi sayəsində düşmənlərindən qorunur. Bu kiçik varlıq, düşmən hücumuna uğradığında böyük bir soyuqqanlılıqla quyruğunu düşməninə çevirir və şişirdir. Məhz o anda düşməninin qarşısında qorxunc bir ilan olur... Təbii ki, düşməni üçün artıq qaçıb canını qurtarmaqdan başqa bir variant yoxdur...
Tırtılın sahib olduğu bu quyruq ilana o qədər bənzəyir ki, ilan gözünü əvəz edən qara ləkələrin içindəki göz parıltıları da əskik buraxılmamışdır. Son dərəcə yavaş hərəkət edən və bu səbəblə düşmənləri üçün çox asan ov olan tırtıl, bədənindəki bu fövqəladə xüsusiyyət sayəsində bir çox təhlükədən xilas olmağı bacarır.
Yaxşı, tırtıl necə belə bir xüsusiyyətə sahib olmuşdur? Bu cür təəccüblü bir "dizayn" əlbəttə doyurucu bir şərh tələb edir. İndi sualın cavabıyla əlaqədar olaraq, irəli sürülə biləcək ssenarilərə nəzər salaq:
Ssenari 1: Uzun illər əvvəl düşmən hücumlarından qorunmanın çarəsini axtaran “tırtıl” ətrafını diqqətlə müşahidə etməyə başlayar. Bir gün bütün rəqiblərinin ilandan qorxduğunu bilər. O anda bədənini nəzərdən keçirər və özünü ilana "bənzətməyə" qərar verər. (Bədənini necə olub da ilana "bənzədə biləcəyi", xarici görünüşünü, dərisinin rəngini və bədəninin şəklini necə nizamlayacağı sualına hər hansı bir şərh gətirə bilmirik! "Özünü məcbur edər, bir şey edər" deyək!...) Amma "dəyişmək" üçün vaxtı məhduddur. Həyatın kiçik hissəsini tırtıl olaraq keçirəcək sonra kəpənək olub uçacaqdır.
Bədənini "dəyişdirərkən" əskik bir şey qalmaması çox əhəmiyyətlidir. Çünki yeni quyruğunu sınamaq üçün tək bir imkanı vardır. İlk sınaq müvəffəqiyyətli olmazsa və düşmənini aldada bilməzsə, bütün əməkləri boşa gedəcək, üstəlik canından da olacaq. Təbii ki, bu yenidən əmələ gəlmə müddəti içində həyatını da davam etdirmək məcburiyyətindədir. Düşmənlərindən qorunaraq sonunda çətini bacarar və quyruğunu ilana "bənzədər".

Ssenari 2: Ağac, çiçək, böcək, səma, su, yağış, günəş və s. yəni dünyada həyat sürən bütün varlıqlar ortaq şəkildə hərəkət edərək özlərinə bir sistem qurmuşlar, bu sistem içində tırtıla da bir quyruq əlavə etmişlər!
Təməldə təkamül nəzəriyyəsinə əsaslanan bu ssenarilərin tutarlı olmadığını anlamaq üçün çox da ağıllı olmağa ehtiyac yoxdur! Nə tırtıl ayıq bir müşahidəçi və ya dizaynerdir, nə də dünya üzərində, hazırlama və mövcud etmə qabiliyyətinə sahib bir sistem vardır. Digər bir sözlə; nə bir canlı istədiyi zaman bədəninə müdaxilə edərək üstün xüsusiyyətlər qazana bilər və ya özünü dəyişdirərək yeni bir canlıya çevrilə bilər, nə də kənarda bunu edə biləcək bir mexanizm vardır.
Əslində təbiəti bir baxışla üstün qabiliyyətli bir maşın olaraq görüb "təbiət icad etdi", "təbiət möcüzəsi", "təbiət ana" və s. kimi şərhlərə yönələnlər də çox yaxşı bilirlər ki, "təbiət" olaraq adlandırdıqları şey, hava, su, torpaq, ağac, çiçək, böcək qısaca, dünyanı və dünyanın içində olduğu Günəş sistemini ifadə edir. İnsanlara bütün canlıları, bütün gözəllikləri "dünya etdi" və ya bunlar "torpağın əsəri" deyilmiş olsa, hər halda gülüb keçərdilər. Amma "təbiət" kimi sözlərlə edilən geniş miqyaslı təbliğatlar, insanların təbiəti demək olar ki, şüur sahibi bir güc olaraq görməyə başlamalarına səbəb ola bilir. Halbuki, unutmamalıyıq ki, təbiət, gördüyümüz fövqəladə nizamlı və mükəmməl sistemin adıdır, bu sistemi quran və ona daimi olaraq həyat verənin deyil! Dünya üzərində həyatını davam etdirən hər canlını Allah yaratmışdır və Allah onları hansı xüsusiyyətlərlə yaratdısa, həmin xüsusiyyətlərlə də varlıqlarını davam etdirirlər.
Bu həqiqətin əsasında, təbiətdəki bəzi canlıların sahib olduqları müdafiə sistemlərini araşdıraq. Bunu edərkən ağlımızda tutmalı olan ən əhəmiyyətli nöqtə, təbiətin canlılar arasında həmişə davam edən ovlama-ovlanma əlaqəsi üzərinə qurulduğudur. Bu əlaqə elə həssas bir tarazlıqdadır ki, milyonlarla ildir, milyonlarla növ canlı bir başqasını yeyərək qidalanır, amma bu canlılar yox olmur. Əgər ovlama-ovlanma zəncirindəki əhəmiyyətli növlərdən birinin nəsli tükənsə, böyük bir nizamsızlıq ortaya çıxar. Məsələn, dünyadakı qarışaqyeyənlərin nəsli tükənsə, qarışqalar qısa müddətdə böyük torpaqları zəbt edə bilərlər.
Canlılar arasındakı bu ovlama-ovlanma əlaqəsi, insan oğlunun zərərli müdaxilələri olmadığı müddətcə, böyük bir uyğunlaşma içində davam edir. Bu tarazlığın davam etməsini təmin edən ən əhəmiyyətli sistem isə, canlıların sahib olduqları ovlama ya da müdafiə etmə sistemləridir. Əvvəlki sətirlərdə, bəzi canlıların son dərəcə fövqəladə ovlama sistemləri ilə birlikdə yaradıldıqlarını və bunun sayəsində onlara "ruzi verildiklərini" gördük. Amma təbiətdə yalnız bu cür hücum sistemlərinə sahib canlılar olsaydı, yem olmağa namizəd canlıları həddindən artıq şəkildə tükənib, nəsillərinin yox olmasına səbəb olardılar. Bu canlılar yox olunca, onları yeyənlər də ac qalacaq və təbiət məhvə məhkum olacaqdı.
Amma Allahın qurduğu böyük tarazlıq içində bu problem də həll edilmişdir. Çünki "ovçu" heyvanlar mükəmməl hücum sistemləriylə təchiz edilərkən, "yem" statusundakı heyvanlar da yenə mükəmməl müdafiə etmə sistemləriylə təchiz edilmişlər. İki tərəfin qabiliyyətləri bir-birini tarazlaşdırır. Və bu fövqəladə qabiliyyətlər insana, bu qabiliyyətləri yaradan Allahın sonsuz güc, ağıl və məlumatını az da olsa tanıma fürsəti verir.
Hər canlı, özünü müdafiə etmək üçün fərqli qabiliyyətlərlə birlikdə var edilmişdir. Bəziləri çox sürətli və çevikdir; canını qaçaraq qurtarar. Bəziləri yerindən tərpənə bilməz; amma möhkəm zirehlərlə örtülüdür. Bəziləri əvvəlki səhifədə yer alan tırtıl kimi fövqəladə "qorxutma" bacarıqlarına malikdir. Bəziləri, zəhərli, yandırıcı ya da pis qoxulu qazlar püskürdər. Digərləri, ölü təqlidi edə biləcək qabiliyyətdə yaradılanlar. Bədənləri kamuflyaj üçün fövqəladə dərəcədə uyğun olaraq yaradılmışlar da vardır. Amma unutmamaq lazımdır ki, bunlar yalnız bir nümunədir və canlılar, burada toxuna bilmədiyimiz, hətta insan oğlunun hələ kəşf edə bilmədiyi daha minlərlə maraqlı sistemlə təchiz edilmişlər. Bütün bu sistemlər, Allahın yaratdığı kainatda heç bir “ziddiyyət və uyğunsuzluq” olmadığını və Onun güc, ağıl və elminin sonsuz olduğunu göstərir. Allah bu həqiqəti Quranda belə xəbər verir:

 

"... Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)

 

KİMYƏVİ SİLAHLAR

Bəzi canlılar, istehsalı üçün çox qabaqcıl texnologiya lazım olan olduqca mürəkkəb kimyəvi tərkibləri öz bünyələrində laboratoriya həssaslığında və son dərəcə asan şəkildə çıxara bilərlər. Məhz bunlardan bəziləri:

 

BOMBARDIMAN BÖCƏYİ

Yandakı şəkildə gördüyünüz heyvanın adı "Bombardıman böcəyi"dir. Bu böcəyin müdafiə etmə üsulu digər heyvanlara çox bənzəməz. Heyvan, düşmən hücumuna uğradığı anda, bədəninin alt tərəfində bir-birindən ayrı iki bölmədə yığılan iki kimyəvi maddəni (hidrogen peroksid və hidrokinon) “yandırma otağı” olaraq adlandırılan xüsusi bölmədə birləşdirər. Eyni anda bu “yandırma otağı”nın divarlarından ifraz olunan xüsusi bir katalizator (peroksidaz) maddənin sürətləndirici təsiriylə, qarışıq 1000C-lik qorxunc bir kimyəvi silaha çevirər. Təzyiqlə fışqırdılan bu çox isti kimyəvi maddəylə qaynadılan düşmən isə, çaxnaşmaya düşərək ovdan imtina edər.
"Bu son dərəcə mürəkkəb müdafiə etmə mexanizmi necə var olmuşdur?" sualına cavab axtardığımızda isə, böcəyin bu mexanizmi "öz-özünə" yaratmasının qeyri-mümkün olduğunu görərik.
Bir böcək, bir-birinə qarışdığı anda partlayacaq iki ayrı kimyəvi maddənin düsturunu necə meydana gətirə bilər? Fərz edək meydana gətirdi, bunları necə öz bədənində ifraz edib yığa bilər? İfraz etdi deyək, bunlar üçün öz bədənində iki ayrı “gözləmə” və bir də “yanma” otağı necə meydana gətirə bilər? Bütün bunları “bacarsa” belə, iki maddənin reaksiyasını sürətləndirəcək bir katalizator olan maddənin düsturunu necə hesablayıb bunlara əlavə edə bilər? Üstəlik, bütün bunların ardından bir də, öz-özünü yandırmamaq üçün, “yanma otağı”nın və qarışığı püskürtdüyü borunun divarlarını yanmaz aşqarla “izolyasiya” etməlidir!
Böcəyin “etdiyi” bu əməliyyatları, kimyagərlərdən başqa, heç kim edə bilməz. Kimyagərlər də bu əməliyyatı öz bədənlərinin içində deyil, ancaq laboratoriyada edə bilərlər.

Böcəyin belə üstün bir kimya mütəxəssisi olduğunu və öz bədənini, edəcəyi reaksiyaya görə çevirib-nizamlayacaq qabiliyyətə sahib möcüzəvi dizayner olduğunu qəbul etmək əlbəttə ağıldankənardır. Aydındır ki, böcək, bu inanılmaz əməliyyatları, tərkibinin fərqində olmadan, yalnız refleks olaraq edir. Təbiətdə belə üstün gücə və ağıla sahib bir varlıq yoxdur. İnsan da belə bir canlını var edə bilməz. Nəinki belə mürəkkəb bir canlını var etmək, həmçinin, elm adamları canlılığın ən sadə təməli olan zülalı belə -əllərində nümunəsi olduğu halda-edə bilmiş deyildirlər. Açıqdır ki, bu böcəyi, son dərəcə üstün biliyə və gücə sahib olan Allah yaratmışdır. “Bombardıman böcəyi”, yaradılmış milyardlarla canlı kimi, Rəbbimizin sonsuz gücünün və bənzərsiz yaratmasının bir nümunəsidir.

© 2017 | Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.